Şeirlər(Zəlimxan Yaqub)

HEÇ VAXT MƏNİ TƏRK ELƏMƏ








Sənsiz tüstü-duman olub,
Göyə qalxar ahım mənim.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.






Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.






Sular kimi saf ol yaşa,
Hər şeydə sərraf ol yaşa.
Ürəkdə insaf ol, yaşa,
Eşqim mənim, ruhum mənim.






Gözdə işıq, canda heysən,
Sehirli yer, sirli göysən.
Dodaqlarda yanan neysən.
Eşqim mənim, ruhum mənim.






Başım üstə yanan şamsan,
Əlimdə bir dolu camsan.
Füzulimsən, Mövlanamsan,
Eşqim mənim, ruhum mənim.






Gələcəyim, sabahım ol,
Döyüşlərdə silahım ol.
İnamımda Allahım ol,
Eşqim mənim, ruhum mənim.






Fikir vermə ağlı kəmə,
Vaxtsız batma dərdə, qəmə.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.

5 yorum:

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...